Bu gün biz torpaqlarımızın azad olunması xəbərlərini
eşidərək, qürurlanır, bu vətənin övladı olmağımızla fəxr edirik. Cənab Ali Baş
Komandan İlham Əliyevin Qarabağın işğaldan azad olunması barədə verdiyi xoş
müjdələr biri-birini əvəz edir. Bəli, biz əminliklə
deyə bilərik ki, bu gün müzəffər Ordumuzun döyüş meydanında rəşadəti qarşısında
ermənilər tab gətirə bilmir. Doğma torpaqlarında
müharibə aparan ölkəmiz hazırda ərazi bütövlüyünü qarış-qarış bərpa edir. Oktyabrın 20-də bütün Azərbaycan xoş bir xəbərə sevindi. Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Zəngilanın
işğaldan azad olunduğunu sevinclə bildirdi. Hər
birimiz sevindik. Lakin ən çox sevinən 27 il dədə-baba
yurdundan didərgin düşən zəngilanlılar oldu. Onların
sevincini heç bir sözlə ifadə etmək olmur. Düşmən işğalından
azad olunmuş Zəngilan rayonu istər iqtisadi cəhətdən, istərsə də
faydalı-qazıntı yataqları ilə mühüm əhəmiyyət kəsb edən bölgələrimizdəndir. Belə
ki, Zəngilan rayonu qızıl ehtiyatlarına görə Kəlbəcərdən sonra ölkəmizdə ikinci
yerə malikdir. O cümlədən, rayon ərazisində müxtəlif növ əlvan və s. metal
yataqları da var.Rayon Naxçıvan MR ilə ən yaxın quru sərhədimiz olmaqla yanaşı,
həm də strateji mühümlüyünü qoruyub-saxlayır. Bu baxımdan, həm də nəticəyə gəlmək
olar ki, Zəngilanın azad edilməsi ilə qonşu İranla bütün quru sərhədlərimiz bərpa
edilir, iqtisadi, strateji və lojistik cəhətdən mühüm üstünlüklər qazanılır.Ən əsası
isə, Zəngilanın azad edilməsi tarixi Zəngəzurumuzla tarixi sərhədlərimizi bərpa
edir və bir sıra gələcək perspektivləri müəyyənləşdirir.
Əli Hümbətov,
Xocalı rayon qazisi